Artan körpə ölümləri

12:29 05.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son dövrlər Azərbaycanda uşaq ölümlərinin sayı ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Məlumat üçün bildirək ki, 2025-ci ilin körpə ölümü ilə bağlı ilk fakt Zaqatalada qeydə alınıb. Bu rayonda iki ana doğuş zamanı körpəsini itirib. İlin əvvəli Gəncədə də körpə ölümü qeydə alınıb. Şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub. Digər hadisə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.

Son 10 gündə isə Sabirabad  Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə 3 körpə ölümü qeydə alınıb. TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə 28.03.2025-ci il tarixində saat 21:10 radələrində tibb müəssisəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub”.

Bəs görəsən, körpə ölümlərinin səbəbi nədir? Hansı xəstəliklərə daha çox rast gəlinir?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, doğuş zamanı uşaq və ana ölümlərinin səbəbi hamiləliyin patoloji getməsidir: “Anada yanaşı xəstəliklərin olması və ya hamilələyin gedişində ağırlaşmalar həm ananın, həm də uşağın həyatı üçün təhlükə yaradır. Bundan başqa, patoloji keçən hamiləlik, dölyanı suyun bulanması və digər problemlər uşaqların ölü doğulmasına gətirib çıxarır. Ən yaxşısı odur ki, qadınlar hamilə qalmazdan əvvəl yoxlansınlar. Hamilələr isə ən azı müəyyən bir çek-up üzrə müayinə olunmalı, ginekoloji yoxlanmalıdır”.

A.Qeybulla qeyd edib ki, eyni zamanda anada böyrək çatışmazlığı kreatinin artıqlığı, qaraciyərində başqa problemlərin olub-olmaması yoxlanmalıdır: “Tənəffüs infeksiyaları, qrip kimi xəstəliklər də uşağın ölü doğulmasına gətirib çıxaran amillərdəndir. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Qadınların çoxu ya doğuş vaxtı, ya da hansısa xəstəliyinin ağırlaşması vəziyyətində həkimə müraciət edirlər. Bundan başqa, uşağın orqanizmdə oksigen çatışmazlığı və ya əməliyyat zamanı ölməsi halları da mövduddur”.

Tanınmış pediatr Vaqif Qarayev bildirib ki, südəmər yaşlı uşaqlar adətən tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər: “Bu bütün dünyada, o cümlədən Azərbaycanda da belədir. Çünki sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Amma bizdə həkimə gec müraciət etmək kimi praktika da var. Əksər valideynlər  uşaqlarının sağlamlığına biganədirlər. Mütəmadi olaraq uşaqlarla işlədiyim üçün bu qənaətə gəlmişəm. Nəinki regionlarda, Bakının özündə də həkimə gec müraciət edirlər. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşmalar baş verir. Məsələn, pnevmoniyaya vaxtında müdaxilə olunmasa, körpə həyatını itirir. Eləcə də mədə-bağırsaq infeksiyalarına vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır. Nəticədə ölüm hadisəsi baş verir".

Həkim qeyd edib ki, uşaqların sağlam olması üçün bəzi məqamlara diqqət yetirilməsi zəruridir: "Öncəliklə, ailə planlaşdırılması düzgün aparılmalıdır. Risk faktorları nəzərə alınmalıdır. Tutaq ki, ananın yaşı 35-dən yuxarıdırsa, hamiləlik riskli olacaq. Əvvəlki hamiləlikdə ölü doğulma, qanaxma kimi hallar qeydə alınıbsa, riskli hamiləlik faktoru yüksəkdir, erkən və qohum nikahlar risk yaradır və s. Biz son vaxtlar irsi-genetik xəstəliklərin həddindən artıq çoxaldığını da müşahidə edirik Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər. Biz sağlam uşaq əldə etmək istəyiriksə, bunlardan uzaq durmalıyıq".

V.Qarayev vurğulayıb ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır: "Təbii ki, hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığı xeyli artıb. Hamilə qadın mütləq qadın məsləhətxanalarında nəzarət altında olmalıdır”.