Ölkə prezidenti ötən günkü çıxışında bildirib ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxmağa vadar edir. Pandemiya ilə bağlı vəziyyət qeyri-müəyyən olduğuna görə, ən pis ssenariyə belə hazırlıqlı olmaq lazımdır.
Bu o deməkdir ki, yay tətilindən sonrakı dövrdə, daha dəqiq ifadə etsək, sentyabrın 15-dən sonra da ali və ümumtəhsil məktəblərində, universitet və akademiyalarda yeni tədris ilinə başlamaq hələ də də sual altındadır. Yəni, orta məktəb və universitetlərin sentyabrın 15-dən sonra da bağlı qalması gündəmdədir.
Yaranmış vəziyyət distant təhsilin innovativ və texnoloji yeniliklərin tətbiqi ilə daha da yaxşılaşdırılması məsələsini gündəmə gətirir. Bəs Azərbaycan dövləti yaranmış vəziyyətdən çıxmaq üçün hansı addımları atacaq? Təbii ki, bunu yaxın gələcək göstərəcək. Bəs distant təhsilin keyfiyyətinin artırılması üçün hansı innovativ və texnoloji yeniliklərdən istifadə etsək, daha səmərəli nəticələr əldə edə bilərik?
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hafta.az-a açıqlamasında deyib ki, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi: “Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar. Bizdə də mart ayında tədris prosesi dayandı və bundan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edərək Tele Dərs, Virtual Məktəb layihəsini həyat keçirdi və şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı”.
Ekspert hesab edir ki, amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz: “Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-+3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır”.
Kamran Əsədovun fikrincə, nəzərə alsaq ki, Dövlər İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrda dərslərin başlaması mümkündür: “Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar. Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır.
Pandemiya insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir edib. Bu səbəbdən pandemiya və postpandemiya dövrü təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoyub. Təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi ön plana çıxıb. Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi məsələlərinin həll edilməsi, yeni təhsilalma forması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir.
Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir”.