Kim daha çox pul xərcləyib?

13:20 05.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 614 nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana səfər edənlərin 65.6 faizi ( 113 216 nəfər) turizm məqsədilə, 34.4 faizi isə (59 358 nəfər) digər məqsədlərlə gəlib. Cari il yanvar ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib. Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub. Belə ki, Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.

Yerigəlmişkən, ötən il turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xərcləri 3 milyard manat çox olub. Ən çox pul xərcləyən turistlər ənənəvi olaraq Rusiyadan gəlib. Belə ki, Rusiyadan gələn turistlər bu dövrdə Azərbaycanda 980 milyon 290 min manat pul xərcləyib. Keçən il Azərbaycana gələn turistlər arasında ən az pul xərcləyənlər isə Suriyadan gəlib. Suriyadan gələn turistlər Azərbaycanda 568 min manat pul xərcləyib.

Ekspertlərə görə, rusiyalı turistlərin Azərbaycanda çox pul xərcləməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri Rusiyadan Azərbaycana gələn turistlərin sayı digər ölkələrlə müqayisədə daha yüksəkdir. Bu da ümumi xərcləmələrin artmasına səbəb olur. Eyni zamanda, rusiyalı turistlər Azərbaycanı rahat gəzə biləcəkləri ölkə kimi görürlər. Azərbaycanda rus dili geniş yayıldığından onlar özlərini burada rahat hiss edirlər və daha uzun müddət qala bilirlər. Rusiyalı turistlər, xüsusilə varlı olanları, adətən beşulduzlu otellərə, bahalı restoranlara və eksklüziv xidmətlərə üstünlük verirlər. Azərbaycana səfər edən bəzi rusiyalılar işgüzar məqsədlərlə gəlir və onlar adətən daha çox pul xərcləyirlər. Rusiyalılar Azərbaycanda istirahət üçün müxtəlif fəaliyyətlərə pul xərcləyirlər, məsələn, Qəbələdə və Şahdağda xizək mərkəzlərinə, Bakıda restoranlara və gecə klublarına, tarixi yerlərə turistik səfərlərə gedirlər. Bundan başqa, rublun alıcılıq qabiliyyəti Azərbaycanda daha yüksəkdir. Bu da onları daha rahat xərcləməyə sövq edir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, hər bir ölkə tirizm sektorunun daha çox inkişaf etdirilməsinə çalışır: “Bu, ölkədə iqtisadi aktivliyin genişlənməsi üçün olduqca vacib şərtlərdən biridir. Ölkəyə xarici valyuta gəlir, ticarət genişlənir, xidmət sferası dövriyyəsini artırır və s. Təbii ki, bu gün rusların Azərbaycanı turizm üçün seçməsinin bir neçə səbəbi var. Birincisi, bu Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə Rusiyadakı vəziyyətlə bağlıdır. Bildiyimiz kimi, Ukrayna müharibəyə qədər turizm üçün ən əlverişli sayılan ölkələrdən biri idi. İndi ora getmək mümkün deyil. İkincisi, turizm bölgələrindən bir olan Türkiyə turizminin əvvəl pandemiyanın, daha sonra zəlzələnin vurduğu ziyan, iqtisadiyyatında olan infilyasiya ora xarici turist axınını zəiflətdi. Azərbaycanda yuxarıda qeyd etdiyim səbəblər fonunda vəziyyət qənaətbəxşdir. Əvvəla, hərbi-siyasi, iqtisadi baxımdan sabitlikdir, maliyyə dayanıqlığı var və turizm sektorunda müvafiq infrastruktur mövcuddur. Buna görə də turistlərin ölkəyə gəlməsi yaxşı haldır. Bu, ölkə iqtisadiyyatı üçün əlavə gəlir mənbəyidir”.

Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları da rusiyalıların seçiminə ciddi təsir edir: “Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra Avropa ölkələri rusiyalı turistlərə viza vermir. Məhdudiyyətlər tətbiq olunub. Rusiyalı vətəndaşlar da daha çox əlverişli istiqamətlərə səyahət edirlər. Bunlardan biri də Azərbaycandır. Azərbaycanda dil bariyeri yoxdur, viza tələb olunmur, yaxın uçuş məsafəsindədir”.

C.Aşurov Azərbaycanda turizm xərclərinin ucuz başa gəldiyini də vurğulayıb: “Türkiyə və Yaxın Şərq ölkələrində əvvəlki illərlə müqayisədə tur paketlərin qiymətində artım müşahidə olunur. Turizm xərcləri ciddi şəkildə artıb. Azərbaycanda isə istirahət üçün ciddi qiymət artımı yoxdur. Ona görə də rusiyalıların Azərbaycan və yaxın MDB ölkələrinə səfər etməsi daha ucuz başa gəlir”.