Azərbaycan süd və qaymaq idxalını artırıb. Bu ilin yanvar-fevral aylarında ölkəmizə 3 min 289 ton süd və qaymaq idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə süd və qaymağın dəyəri 4 milyon 699 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 min 296 ton (65 faiz), dəyər baxımından isə 1 milyon 548 min ABŞ dolları (49,1 faiz) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 faizini təşkil edib.
Bəs, görəsən, Azərbaycanın bu növ ərzaqlara tələbatını ödəyə bilməməsinə səbəb nədir?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda daxili istehsalın ilbəil azaldığını deyib.Onun sözlərinə görə, daxili istehsalda azalmanın müəyyən səbəbləri var: “Ağartı məhsullarının istehsalının azalması heyvandarlıq sahəsinin geriləməsi ilə bağlıdır. Son 10 ildə Azərbaycanda heyvandarlıq, yem sahələri, orüş və otlaqlar təyinatını dəyişib. Artıq bu yerlər heyvandarlığın inkişafı üçün deyil, pambıqçılıq sahəsinə ayrılıb. Bir sözlə, heyvandarlıq sahəsi məhv olmaq üzrədir. Heyvandarlıq sahəsi sıxışdırıldığı üçün bu işlə məşğul olan fermerlərin xərci də artır. Xərclər artdığı üçün qeyd edilən sahənin cəlbediciliyi də azalır. Buna görə 3 aydan bir ətin satış qiyməti artır. Eyni zamanda, yerli istehsal olan südün, ağartı məhsullarının da qiyməti günü-gündən artır. Onu da deyim ki, bahalaşma idxalı stimullaşdırır. Bu səbəbdən də sahibkarlar idxala üstünlük verir. İdxalın genişlənməsi ölkə iqtisadiyyatının idxaldan asılılığını artırır. Nəzərə almaq lazımdır ki, idxaldan asılılıq strateji təhdiddir".
Ekspert vurğulayıb ki, Azərbaycanın südə olan tələbatının yarısını yerli istehsal təşkil edir, digər yarısı isə kənardan idxal edilir: “İl ərzində adambaşına 405 litr südə tələbat var və bura həm süd, həm də digər ağartı məhsulları, pendir, yağ daxildir. Bu da təxminən 2,8, 3 milyon ton süd deməkdir. 3 milyon ton südün yarısı, yəni 1, 5 milyon tonu xaricdən idxal edilir, qalan hissə isə yerli istehsal hesabına ödənilir. Yerli istehsalın əksəriyyəti fərdi şəkildə heyvandarlıqla məşğul olan fermerlər tərəfindən təmin edilir. Onların bir hissəsi var ki, öz tələbatlarını özləri ödəyir. Bir hissə də var ki, öz tələbatından artıq hissəni satır, bir də var ferma şəraitində süd istehsalı ilə məşğul olan fermerlər var. Ölkədə sırf süd istehsalı ilə məşğul olan fermerlərin sayı çox azdır. Süd istehsalı ilə məşğul olan fermaların sayı az oldu üçün onların şirkətlərlə əlaqələri də zəifdir. Bizə elə gəlir ki, yerli süddən sahibkarlar istifadə etmir. Əslində, onların müəyyən qisminin şirkətlərə çıxışları yetərincə deyil. Yerli süddən istifadənin faizinin aşağı olmsının səbəblərindən birinin fermerlərlə şirkətlər arasında əlaqələrin aşağı səviyyədə olmasıdır. Digər səbəb isə fərdi şəkildə fermalarda süd istehsalında keyfiyyət göstəricilərinin aşağı olmasıdır. Aşağı olduğuna görə də o südü alan sahibkarlar əksər hallarda ziyana düşürlər. Südün saxlanma texnologiyasına riayət edilmir. Ona görə də süddən istifadə zamanı xarab edir, süd çürüyür. Sonradan çürümüş südün istifadəyə yararlı olması üçün ona əlavə kompanentlər əlavə edilir, bu da böyük xərc deməkdir. O süd başqa istiqamətdə istifadə edilir, amma sahibkarın planlaşdırdığı istiqamətdə o süddən istifadə oluna bilmir. Bu süddən səmərəli istifadə edə bilmirlər. Ona görə də, bir çox xarici şirkətlər xaricdən idxal olunmuş süddən istifadə etsin. Xaricdən idxal edilən süd müvafiq texnoloji qaydalarla uyğun saxlanılır və xarab olmaması üçün daxilinə müəyyən komponentlər vurulur, bu da ondan daha səmərəli istifadəyə imkan verir”.
A.Nəsirli hesab edir ki, bu istiqamətdə idxalı azaltmaq və yerli firmaların istehsal etdiyi südə üsünlük vermək lazımdır. Bunun üçün isə fermerlər arasında maarifləndirmə prosesi getməlidir: “Yerli südçülük təsərrüfatlarında ciddi maarifləndirmə işləri aparılmalıdır. Onların istehsalının genişləndirilməsi üçün şərait yaradılmalıdır, onlara yardımlar göstərilməlidir ki, onlar da xarici ölkələrin fermerləri kimi südü texnoloji proseslərə uyğun şəkildə yarımfabrikata çevirməyi bacarsınlar. Yerli fermerlərin yerli şirkətlərlə əməkdaşlığının qurulmsı üçün dövlət fermerlərə həm maarifçilik, həm də maddi baxımdan dəstək olmalıdır. Heç şühbəsiz, yerli fermerlərlə şirkətlər arasında əlaqələrin qurulmasına əngəl yaradan bütün amillər aradan qaldırılmalıdır. Bizim üçün yerli məhsulun istehsal edilməsi daha əhəmiyyətlidir. Bir sözlə, yerli istehsalın inkişafı üçün hökumət tərəfindən ciddi addımlar atılmalıdır”.